"İlk dəfə birinci sinifdə" - Seminar

Məktəb həyatının başlanğıcı - təkcə bir təlim-təhsil prosesi deyil, həm də yeni tanışlıqlar və təəssüratlar, yeni şəraitə uyğunlaşma, fiziki, zehni və emosional stresə dayanma deməkdir.

 

Birinci sinif şagirdlərinə həyatın yeni bir mərhələsinə qədəm qoymaqda və streslə mübarizə aparmaqda necə kömək edə bilərik? 13 mart tarixində “The Best Helpers” valideynlər üçün aktual olan bu mövzuda “İlk dəfə birinci sinifdə” adlı seminar keçirəcək.


Akademik və emosional yüklənmə, məsuliyyət və yeni tanışlıqlar - bunların hamısına alışmağa şagirdlərin ehtiyacı vardır. Məktəbə uyğunlaşma prosesi hər şagirddə fərqli şəkildə baş verir. Prosesin müddəti və mürəkkəbliyi uşağın təbiətindən, psixoloji və intellektual hazırlığından, sosiallaşma və əməkdaşlıq etmək bacarıqlarından asılıdır.

 

Uyğunlaşmanın rahat keçməsi üçün uşaqların bu mərhələdəki davranışlarının özəlliklərini bilmək və ailələrin ən çox qarşılaşdıqları çətinliklərə hazır olmaq vacibdir. Uşağın yeni gündəlik həyat tərzinə, həmyaşıdları və tanımadığı böyüklərlə daim ünsiyyət saxlamağa hələ alışmadığını, bundan sıxıntı və narahatlıq yaşadığını anlamaq da önəmlidir. Məhz bu mərhələdə uşaq yaxınlarının dəstəyinə və diqqətinə daha çox ehtiyac duyur.

 

Bəzən uşaqlar məktəb tələblərini yerinə yetirməkdə, həmyaşıdları ilə ünsiyyət qurmaqda böyük səy göstərməli olurlar və məktəb proqramını mənimsəməkdə çətinlik yaşayırlar. Müəllim və valideynlər həmçinin onu da bilməlidirlər ki, uşaqların xüsusiyyətlərini nəzərə almaq, onları tənqid etməmək və lazımi dəstəklə təmin etmək olduqca vacibdir. Psixoloq valideynlərə uşağın fərdi xüsusiyyətlərini, xarakterinin özəlliklərini, ünsiyyət qurmaq və yaşıdları ilə qarşılıqlı əlaqə saxlamaq bacarıqlarını anlamağa kömək edəcəkdir. Uşaq üçün əlavə yük və məsuliyyət faktorları yaratmamağın, əksinə, uşağın məktəbə müvəffəqiyyətlə uyğunlaşması üçün ailədə rahat şərait yaratmağın önəmini müzakirə edəcəyik.

 

Seminarlarımız valideyn-uşaq münasibətlərinin harmonikləşdirilməsinə, maneələrin və komplekslərin aradan qaldırılmasına, uşağın özgüvəninin yüksəldilməsinə, valideynlərlə düzgün ünsiyyət qurmaqla, uşaq və valideynin daxili motivasiyasının artırılmasına yönəlib.


13 Mart tarixində saat 12.00-dan 14.00-dək "İlk dəfə birinci sinifdə" adlı seminarı keçiriləcək.


Yerlər məhduddur, vaxtında qeydiyyatdan keçin!

Ödəniş : 20 AZN

Ünvan: Caspian Business Center, 9-cu mərtəbə. «The Best Helpers»